ATİAHİ Masallı rayon komitəsinin təşkilatçılığı ilə Zəfər bayramı qeyd edilib
 

ATİAHİ Masallı rayon komitəsi rayon Təhsil sektoru ilə birlikdə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirib.
Masallı şəhər Heydər Əliyev mərkəzində baş tutan tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları, məktəb rəhbərləri, rayon rəhbərliyi və tanınmış şəxslər iştirak ediblər.
Masallı Təhsil sektorunun müdri Qoşqar Hətəmov çıxışında 30 il davam edən beynəlxalq riyakarlıqdan, Ermənistanın işğal siyasətindən, işğala son qoyulmasından, işğalın acı nəticələrindən, Ermənistanın vandal hərəkətlərindən geniş söz açıb.
Bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu: “Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.
ATİAHİ Masallı rayon komitəsinin sədri Səfail Eyvazov qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurub. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olub. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldı, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etdi, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurdu”.
S.Eyvazovun sözlərinə görə, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu: “Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən, Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu”.
“Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar”, - S.Eyvazov vurğulayıb.
Digər çıxış edənlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına dövlət qayğısından, cəmiyyətimizdə onlara olan ali münasibətdən, gənclərimizin vətənpərvərlik hissindən, Azərbaycan Ordusunun güc və qüdrətindən danışıblar.
Şəhid ailələri, qazilər, müharibə veteranları hər zaman onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirib və bunun üçün dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.
Sonda şəhid ailələrinə və müharibə iştirakçılarına hədiyyələr təqdim olunub.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo