Sentyabrın 7-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun tabeçiliyində olan ümumi təhsil məktəblərinin bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən məzunları ilə görüş keçirilib.
ATİAHİ Masallı rayon komitəsinin Rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil etdiyi tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, valideynlər və məzunlar iştirak ediblər.
Tələbə adını qazanan gəncləri təbrik edən rayon icra hakimiyyətinin nümayəndəsi Aybəniz Qafarova ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman təhsilə böyük önəm verib. Ölkəmizdə təhsilin inkişafı bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən bir çox dövlət proqramı qəbul edilib. Bu proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
Sonra çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdri Rəhim Rəhimov, valideynlər, məzunlar və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda yüksək bal toplamış gənclərə mükafatlar verilib.